ABNA24 Xəbər Verir , İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə polşalı həmkarı Zbiqnev Rau arasında cümə günü telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər ikitərəfli əlaqələri, həmçinin regional və beynəlxalq hadisələri, o cümlədən Ukrayna böhranı və Vyana danışıqlarını müzakirə ediblər.
Əmir Abdullahian Polşa hökumətinə Ukrayna böhranında məcburi köçkünlərə və qaçqınlara kömək etmək, xüsusilə də İran vətəndaşlarının köçürülməsi üçün göstərdiyi səylərə görə təşəkkür edib.
İranın xarici işlər naziri İranın, Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Kpmitəsi ilə əməkdaşlıq çərçivəsində humanitar yardım daşıyan təyyarənin göndərilməsinə toxunaraq, Tehranın Ukrayna qaçqınlarına humanitar yardım göndərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, İranın yardım qrupları Beynəlxalq Qızıl Xaç Komitəsi ilə koordinasiya əsasında Polşadakı qaçqınlara istənilən humanitar yardım təklif etməyə hazırdır.
Polşanın xarici işlər naziri də öz növbəsində iki dövlət arasında əlaqələrin tarixi keçmişinə, xüsusilə də İkinci Dünya Müharibəsi zamanı İran xalqının polyak qaçqınlarına ev sahibliyi etmək üçün humanitar addım atmasına işarə edərək, əlaqələri hər iki ölkə üçün qürur mənbəyi kimi dəyərləndirib.
Rau bildirib ki, Ukraynada məcburi köçkünlərə qida və dərmanların çatdırılması ilə yanaşı qadınların və uşaqların təxliyəsini asanlaşdırmağa yönəlmiş humanitar dəhlizlərin yaradılması lazımdır.
342/