12 iyul 2014 - 04:05
Azərbaycan əleyhinə sirli bir səfərin pərdəarxası

Düşmən ölkə parlamentinin spikerinin İsrailə gizli səfər etdiyi barədə məlumatlar yayılıb; Azərbaycanın əsas silah donorlarından olan Təl-Əvivi işğalçı ölkə ilə hansı maraqlar və ya dəyərlər yaxınlaşdıra bilərdi?...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Düşmən ölkə parlamentinin spikerinin İsrailə gizli səfər etdiyi barədə məlumatlar yayılıb; Azərbaycanın əsas silah donorlarından olan Təl-Əvivi işğalçı ölkə ilə hansı maraqlar və ya dəyərlər yaxınlaşdıra bilərdi?...

İsrailin siyasi kuluarlarında gəzən söz-söhbətlərə görə, Ermənistanın yeni spikeri Qalust Saakyan bu ölkəyə məxfi şəkildə baş çəkib (vesti.az). Ən maraqlısı odur ki, səfərin reallaşması barədə heç bir rəsmi təsdiq tapmaq mümkün olmayıb. Nə İsrail Knessetinin saytında, nə də bu ölkə KİV-lərində səfər barədə xəbər getməyib. Elə erməni mətbuatında da bu haqda heç nə yazılmayıb.

Bununla belə, “Vestnik Kavqaz”ın əməkdaşı olduqca bilgili mənbələrdən ziyarət haqda informasiya əldə edib. Mənbə iddia edir ki, Saakyan, hər halda, İsrailin ən ali rəhbərliyinə aid olan şəxslərlə bir araya gələ bilib. Görüşlərdə əsasən iki məsələ müzakirə edilib: birinci məsələ uydurma soyqırımın 100-cü illiyinədək saxta genosidin İsrail tərəfindən tanınması mümkünlüyü, ikincisi isə İsraillə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi.

Qeyd edək ki, İsrailin siyasi və diplomatik dairələrində Saakyanın səfərini nəinki şərh eləmirlər, ümumiyyətlə, bu mövzuda danışmaqdan imtina edirlər.

Onu da vurğulamaq yerinə düşər ki, son vaxtlar İsrail tərəfindən uydurma məsələnin tanınması tərəfdarlarının mövqeyi əhəmiyyətli şəkildə güclənib. Səbəb yalnızca Türkiyə ilə siyasi-diplomatik münasibətlərin hələ də qaydasına düşməməsi deyil. İş ondadır ki, İsrailin yeni prezidenti Reyven Rivlin öz sələfi, bu məsələdə daim ölkəsinin maksimum ehtiyatlı mövqe tutmasını vacib saymış Şimon Peresdən fərqli olaraq açıq şəkildə belə addıma gedilməsini dəstəkləyir. Knessetin spikeri Yuliy Edelşteynin və xarici işlər nazirinin müavini, xarici işlər və müdafiə komissiyasının sədri Zeev Elkinin də onunla eyni mövqedə olduğu deyilir.

Elkin əvvəllər də parlamentin Təhsil komissiyası çərçivəsində saxta soyqırımın tanıdılmasına cəhdlər edib. Lakin o zaman ona bildirilmişdi ki, bu məsələ xarici işlər və müdafiə məsələləri üzrə komissiyanın səlahiyyətlərinə daxildir. İndi isə özü həmin komissiyanın sədridir ki, bu da onun imkanlarını xeyli artırır.

Elkinin məsələni komissiyanın müzakirəsinə çıxaracağı ehtimalı “Evimiz İsraildir” partiyasının lideri Aviqdo Libermanın bəyanatından sonra daha da artıb. Bəyanatda partiyanın hakim Likud Partiyası ilə koalisiyadan çıxdığı və parlamentdə ayrıca fraksiya şəklində fəaliyyət göstərəcəyi bildirilir. Buna qədər məhz Libermanın partiyası qondarma məsələnin gündəliyə salınmasının ən sərt əleyhdarları kimi çıxış ediblər...

Əlbəttə ki, siyasətdə heç vaxt əbədi dostlar, müttəfiqlər olmur. Daimi maraqlar olur. O sırada İsrail istisna təşkil eləmir. Fakt budur ki, İsraillə Azərbaycan arasında strateji əhəmiyyətli bir çox sahələrdə, o cümlədən hərbi-texniki sferada ildən-ilə genişlənən əməkdaşlıq düşmən ölkəni həmişə narahat edib. Elə təkcə hərbi sahədə əməkdaşlıq milyardlarla dollar həcmində ölçülür. Silah ticarətində Bakı-Təl-Əviv əlaqələri o dərəcədə inkişaf edib ki, hətta bu yaxınlarda İsrailin ən müasir silahlarını Rusiyaya, Çinə verməkdən imtina edərək məhz Azərbaycana satdığı barədə İsrail mənbələrindən biri məlumat yaymışdı.  

İki ölkə arasında yaxınlıq iqtisadi-ticari, texnoloji, tibbi sferalarda da inkişaf tapıb. Azərbaycanlı oliqarxların bəzilərinin İsraildə böyük biznesinin olduğu da sirr deyil. İsrail habelə, Bakı-Ceyhan neftinin alıcılarındandır. Əlaqələr bununla da bitmir. Bəzi məlumatlara görə, iki ölkə rəhbərliyi arasında etimad o qədər güclüdür ki, hətta İsrail xüsusi xidməti Azərbaycanın dövlət rəhbərliyinin mühafizəsinin təşkilində müəyyən formada iştirak edir. Ümumiyyətlə, iki dövlətin gizli servislərinin yetərincə sınxron işlədiyi haqda bilgilər mövcuddur.      

Təbii ki, belə yaxınlıq İrəvanı, erməni lobbisini daim narahat edib və edir. Erməni tərəf bu Bakı-Təl Əviv əməkdaşlığını həm də Azərbaycanın dünyadakı güclü yəhudi lobbisinə çıxışı, qardaş Türkiyənin mövqeyinin güclənməsi baxımından öz maraqlarına təhlükə hesab eləməkdədir. Eyni zamanda qondarma “erməni soyqırımı”nın tanıdılması yolunda haqlı olaraq bunu ciddi əngəllərdən biri sayır.

İndi belə çıxır, düşmən ölkə Azərbaycana, deməli, həm də Türkiyəyə qarşı İsraillə separat iş birliyindədir. Maraqlıdır ki, Saakyanın səfəri barədə informasiyalar məhz İsrailin ermənipərəst yeni prezidentinin seçilməsindən sonra dövriyyəyə çıxıb. Bu da xəbərin mötəbərliyini artıran mühüm detallardandır.

Bəs İrəvan-Təl Əviv separat yaxınlığı, yaxud bu yaxınlığın imitasiyası İsrailə Türkiyənin müvəqqəti təhdidindən savayı hansı divident gətirə bilər? Kasıb, heç bir iqtisadi önəm kəsb etməyən, tamamilə Rusiyanın ovucu içində olan işğalçı bir ölkəyə görə varlı, müsəlman dünyasının önəmli dövlətlərindən olan Azərbaycanla əlaqələrə xal salmağa, milyardlar itirməyə dəyərmi?

Sıralanan suallara yəqin ki, İsrail tərəfinin hansısa reaksiyası olacaq. Gözləyək. Reaksiya olmayacaqsa, susqunluğu razılıq əlaməti, deyilənlər isə doğru saymalı olacağıq. 

Musavat.com

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər